"Gəncədəki Azərbaycan İnnovasiya Mərkəzi bölgədə tələbə və gənclərin innovasiya fəaliyyətinə böyük dəstək olacaq".
Oxu.Az xəbər verir ki, bunu Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin tərkibində Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimində iştirak edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov bildirib.
O, bu gün açılışı olan mərkəzin Gəncə və ətraf rayonlarda yaşayan tələbə və gənclərin innovasiya fəaliyyətini və startap quruculuğunu dəstəkləyəcəyini, həmçinin onların idealları üzrə gedən yolda onlara zəruri texniki və digər lazımi şəraitin yaradıldığını qeyd edib.
"Ümumiyyətlə belə mərkəzlərimizin regionlarda açılmasında əsas məqsəd innovasiya sahəsində fəaliyyət göstərən gənclərimizin və tələbələrimizin innovasiya ekosisteminə və innovasiya infrastrukturuna əlçatanlığın təmin olunmasına dəstək olmaqdır", - deyə R.Xaliqov əlavə edib.
Gəncədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sayca altıncı innovasiya mərkəzi fəaliyyətə başlayıb.