ABŞ-nin Milli Təhlükəsizlik Agentliyi (NSA) kibertəhlükəsizlik, Çin və süni intellekt (Sİ) istiqamətlərinə daha çox diqqət ayırmaq üçün əsaslı struktur islahatlarına hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) nəşri mənbələrə istinadən məlumat yayıb. Qəzet qeyd edir ki, son onilliyin ən genişmiqyaslı daxili islahatı gedişində agentliyin rəhbərliyi qlobal səviyyədə kəşfiyyat, hərbi əməliyyatlar, kibertəhlükəsizlik, Çin və Sİ sahələri üzrə ixtisaslaşacaq beş müstəqil struktur yaratmaq niyyətindədir. Mənbələrin bildirdiklərinə görə, ABŞ Silahlı Qüvvələrinin Kiberkomandanlığına da rəhbərlik edən NSA-in direktoru general Coşua Radd idarənin yeni formatının mövcud və gələcək hədəflərə daha uyğun olacağını düşünür. Nəşrin məlumatına əsasən, struktur dəyişiklikləri ilə bağlı planlar ötən həftə agentliyin rəhbər heyətinə elan edilib. İslahatların 2027-ci ilin yanvar ayının ortalarınadək yekunlaşdırılması nəzərdə tutulur.
Pentaqonun tərkib hissəsi olan NSA kiberfəzada təhlükəsizliyin qorunması və radioelektron kəşfiyyat funksiyalarını yerinə yetirir. WP-nin diqqət çəkdiyi məqama görə, qurumda çalışan mülki və hərbi işçilərin sayı 30 mindən çoxdur ki, bu da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin aparatından daha böyük göstəricidir.