ABŞ-nin Missuri ştatında 17 yaşlı qızını meymuna dəyişən 70 yaşlı ögey ana Brenda Doyç barəsində məhkəmə hökmü elan edilib.
Oxu.Az-ın "New York Post"a istinadən verdiyi məlumata görə, hakim onun hərəkətini kəskin şəkildə qınasa və qəyyumluq sistemindəki boşluqlara görə zərərçəkmişlərdən üzr istəsə də, qadın real həbs cəzasından xilas ola bilib.
Hakim real həbs cəzasını təxirə salaraq Doyçu yeddi il müddətinə şərti olaraq məhkum edib və onun uşaqlarla işləmək üçün lisenziyasını ləğv edib. O, qayda pozuntularına rəğmən qadına bu statusu saxlamağa icazə verən Missuri rəsmilərini kəskin tənqid edib.
Təqsirləndirilən şəxsin bioloji qızı Brina Conson məhkəmənin qərarından məyus olduğunu bildirib. Çünki o, anasına qarşı daha ağır cəza gözləyirdi. O həmçinin ekzotik heyvanla dəyişdirilən zərərçəkmişin də həmin vaxt məhkəmə zalında iştirak etdiyini təsdiqləyib.
İstintaq Doyçun qızı Texasa aparmaq üçün icazə istəməsindən və ardınca uşağın vəhşi heyvanlarla dolu, antisanitar şəraitdə olan bir evdə tapılmasından sonra başlayıb. Yeniyetmə ögey anasının onu avar və ayaqqabı ilə döydüyünü danışıb. Ümumilikdə, qəyyumluq fəaliyyəti dövründə Brenda Doyç 200-dən artıq uşağı himayəyə götürüb.