ABŞ-nin Missuri ştatının bəzi bölgələrində şiddətli leysan və genişmiqyaslı daşqınlar baş verib. Nəticədə 200-dən çox uşaq və yay düşərgəsinin əməkdaşı helikopterlərlə təxliyə edilib, həmçinin uçmuş kempinq binasında təhlükədə olan təxminən 20 nəfər xilas olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Ştatın yol polisinin sözlərinə görə, yuyulmuş yollar və gözlənilən yağışlar səbəbindən uşaqlar Taum-Sauk düşərgəsində təcrid olunmuş vəziyyətdə qalıblar. O əlavə edib ki, Milli Qvardiya onları ən yaxın ibtidai məktəbə çatdırmaq və ailələrinə qovuşdurmaq üçün helikopterlərdən istifadə edib.
Məlumatda o da bildirilib ki, Blek-River çayı yaxınlığındakı "Bearcat Getaway" kempinqində istirahət edənlər seldən xilas olmaq üçün binanın üzərinə çıxıblar, lakin həmin tikili daha sonra uçub.
Blek-River çayının Reynold ərazisindən keçən hissəsində daha üç nəfər ağaclarda köməksiz vəziyyətdə qalıb və cümə günü axşam xilas ediliblər.
Ciddi xəsarət alanlar və ya ölənlər barədə məlumat verilməyib. Bildirilib ki, Kroufordda bir qadın itkin düşüb.
Qubernator Mayk Keho fövqəladə vəziyyət elan edib və kömək məqsədilə əraziyə ştatın axtarış-xilasetmə qrupu cəlb edilib. Cümə günü axşam, o, yüzlərlə insanın su altında qalmış ərazilərdən, ağaclardan, damlardan və batmış avtomobillərdən xilas edildiyini açıqlayıb.
Keho bildirib ki, daşqın və dağıntılar səbəbindən bir neçə iri yol keçilməz hala gəlib. O, Blek-River çayında suyun səviyyəsinin qalxmaqda davam etdiyini deyib. Ərazinin polis idarəsindən bildirilib ki, Reynolddakı daşqın zamanı iki xilasedici qayıq aşıb, lakin təcili yardım əməkdaşları xilasediciləri təhlükəsiz şəkildə təxliyə ediblər.