ABŞ-də başlarında buynuza və qolçağa bənzəyən qorxunc şişləri olan dovşanların peyda olması halları qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "LADbible" nəşri məlumat yayıb.
Məlumata görə, "Frankenşteyn-dovşanları" adlandırılan bu heyvanlar "Şoup papillomavirusu"na yoluxublar. Kolorado ştatının Parklar və Vəhşi Təbiət İdarəsi bildirir ki, xəstəlik yay mövsümündə ağcaqanad və gənə dişləmələri səbəbindən daha da aktivləşir. Mütəxəssislər qeyd edirlər ki, virus birbaşa dovşandan dovşana keçmir, yalnız qansoran həşəratlar vasitəsilə yayılır.
Sosial şəbəkə istifadəçiləri gördükləri mənzərə qarşısında şoka düşdüklərini bildiriblər. Hadisə şahidlərindən biri dərhal təbiəti mühafizə orqanlarına məlumat verdiyini, digər bir istifadəçi isə belə bir heyvanla qarşılaşdığı üçün peşman olduğunu yazıb.
Mütəxəssislərin sözlərinə görə, əksər hallarda bu xəstəlik əlamətləri təhlükəsizdir və əgər şişlər heyvanın qidalanmasına mane olmursa, bir müddət sonra öz-özünə yox olur. Lakin bəzi hallarda həmin ziyillər yastı hüceyrəli dəri xərçənginə çevrilə bilər. Virus insanlar üçün təhlükə yaratmasa da, ev heyvanı sahiblərinə yay aylarında diqqətli olmaları məsləhət görülür.