"Amerika Birləşmiş Ştatları Təl-Əvivin mövqeyindən asılı olmayaraq, Tehranla nüvə proqramı da daxil olmaqla, yeni bir razılaşmaya nail olmaq cəhdlərini davam etdirəcək".
Oxu.Az-ın "Fox News" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens açıqlama verib.
"İranın nüvə proqramı məsələsində uzunmüddətli həll yolu tapa bilərik. Bu, İsrailin xoşuna gəlsə də, gəlməsə də, əsasən bunun ABŞ-ın milli maraqlarına uyğun olduğuna inanırıq. Ona görə də bu istiqamətdə səylərimizi davam etdirəcəyik", - deyə vitse-prezident qeyd edib.
Cey Di Vens əlavə edib ki, İran tərəfinin ABŞ ilə müqavilənin şərtlərinə dəqiqliklə riayət etməsi bu prosesin nə dərəcədə uğurlu olacağını müəyyənləşdirən əsas amillərdən biridir.
"Hesab edirəm ki, ABŞ Prezidenti Donald Trampın da fikrincə, biz sazişin necə icra olunduğunu mütləq yoxlamalıyıq. Sazişin uğurlu olmasını sübut edən ən önəmli meyar iranlıların sadəcə kağız üzərində yazdıqları yox, əldə etdiyimiz razılaşmanın tələblərinə reallıqda necə əməl etmələridir", - deyə o bildirib və bunun olduqca böyük əhəmiyyət daşıdığını vurğulayıb.