Rusiya və ABŞ başçıları Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində ABŞ Məxfi Xidməti Alyaska ştatının Ankoric şəhərində daşınmaz əmlak icarəyə götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Times" (NYT) nəşri yerli rieltora istinadən məlumat verib.
Ankoricdə daşınmaz əmlakı qısa müddətə icarəyə verən rieltor bildirib ki, Gizli Xidmət ondan iki liderin görüşü üçün altı yataq otağı olan obyekt icarəyə götürüb.
Eyni zamanda, "New York Times" qeyd edib ki, Tramp Administrasiyası Rusiya və ABŞ prezidentlərinin görüşünün dəqiq yerini təsdiq etməyib.
Avqustun 10-da ABŞ-nin vitse-prezidenti Cey Di Vens Trampın əminliyini ifadə edib ki, Alyaskada Putinlə görüş göstərilən səylərə dəyər.
Qeyd edək ki, avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparacaq və əsas müzakirə mövzusu Ukraynada sülh olacaq. Müzakirə olunan təkliflər sırasına ərazi mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası daxil edilə bilər.