ABŞ Prezidenti Donald Trampın Administrasiyası ölkədən çıxarılan miqrantların üçüncü dövlətlərdə qəbul edilməsi məqsədilə ən azı 410 milyon dollar vəsaitin ayrılmasına icazə və vəd verib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri hökumət sənədlərinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, əvvəllər açıqlanmayan bu sənədlər Tramp Administrasiyasının üçüncü dövlətlərlə sürətlə genişlənən əlaqələr şəbəkəsi haqqında indiyədək ən əhatəli təsəvvürü formalaşdırır.
Nəşrin məlumatına əsasən, Ağ Ev liderinin Administrasiyası əsasən Afrika və Latın Amerikasında yerləşən 31 ölkə ilə müvafiq sazişlərin bağlanması üçün maliyyə vəsaitinin ayrılmasını təsdiqləyib və ya vəd edib.
Bildirilir ki, ilkin razılaşmalar miqrantların əvvəllər heç bir əlaqəsi olmayan ölkələrə göndərilməsini nəzərdə tuturdu. Konkret olaraq, Çin, Rusiya, İran və Əfqanıstandan olan miqrantların Kosta-Rikaya köçürülməsi, həmçinin Vyetnam, Laos, Kuba və Yamayka vətəndaşlarının kiçik Afrika krallığı olan Esvatiniyə deportasiyası planlaşdırılırdı.