ABŞ artıq bir neçə aydır ki, Qrenlandiya ərazisində üç yeni hərbi bazanın inşası məsələsini Danimarka hökuməti ilə müzakirə edir.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd olunub ki, tərəflər arasında yanvarın ortalarından bu yana ən azı beş görüş baş tutub.
ABŞ-ni bu müzakirələrdə Dövlət Departamentinin müşaviri Maykl Nidhem təmsil edir. Ağ Ev Danimarka rəsmiləri ilə yüksək səviyyəli təmasların mövcudluğunu təsdiqləsə də, detalları açıqlamaqdan imtina edib. Yalnız gedişatın müsbət məcrada inkişaf etdiyini və administrasiyanın danışıqlara nikbin yanaşdığını bildiriblər.
Öz növbəsində Danimarkanın Xarici İşlər Nazirliyi də dialoqun aparıldığını təsdiqləyərək hər hansı əlavə məlumat verməkdən imtina edib.
Bildirilir ki, yeni hərbi obyektlərin adanın cənub hissəsində qurulması nəzərdə tutulub. Həmin bazaların əsas məqsədi Şimali Atlantika regionunda Çin və Rusiya hərbi dəniz qüvvələrinin ehtimal edilən fəaliyyətlərini izləmək olacaq. Qeyd edilir ki, hazırda tərəflər arasında yekun razılaşma mövcud deyil və tikilməsi planlaşdırılan bazaların sayı gələcəkdə fərqli ola bilər.