Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Marko Rubio və onun başçılıq etdiyi Dövlət Departamenti ölkə üçün təhlükəli hesab olunan bəzi qanuni miqrantların vizalarını ləğv edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News"a müsahibəsində məlumat verib.
"O, (Rubio) səlahiyyətlərindən istifadə edərək, ABŞ-a qanuni yolla gələn, lakin ölkəmiz üçün risk yaradan, əvvəlcədən girişlərinə icazə verilməməli olan çox sayda şəxsin vizalarını ləğv edib", - deyə Livitt bildirib.
Onun sözlərinə görə, Dövlət Departamenti ABŞ vizası almaq istəyənlər üçün tələbləri və yoxlama prosedurlarını əhəmiyyətli dərəcədə sərtləşdirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) xarici vətəndaşların sığınacaq üçün müraciətlərinə baxılmasını müvəqqəti olaraq dayandırıb. ABŞ Prezidenti Donald Trampın müvafiq açıqlamasından sonra onun administrasiyası sığınacaq istəmək üçün ölkəyə gələnlərin deportasiyasının planlaşdırıldığını və üçüncü dünya ölkələrindən olan insanların qəbulunun, yerləşdirilməsinin qeyri-müəyyən müddətə dayandırılacağını açıqlayıb.
Öz növbəsində Rubio ABŞ hakimiyyətinin Əfqanıstan vətəndaşları üçün vizaları məhdudlaşdırdığını açıqlayıb. Bu addım ötən həftə Ağ Ev yaxınlığında baş verən və Əfqanıstan vətəndaşının şübhəli bilindiyi atışmadan sonra atılıb.