Avropa Komissiyası Ukraynanın 90 milyard avro məbləğində Aİ krediti hesabına hava hücumundan müdafiə sistemləri üçün "Patriot" raketlərinin alınması ilə bağlı müraciətini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmisinə istinadən sentyabrın 7-də "Suspilne" məlumat yayıb.
Daha əvvəl KİV öz mənbələrinə istinadən Ukraynanın bununla bağlı Aİ-yə rəsmi müraciət etdiyini bildirib. Onların məlumatına görə, Kiyev bunun üçün 2 milyard avrodan çox vəsait ayrılmasını istəyib.
Ukrayna Aİ-yə müdafiə hissəsində qalan 6 milyard avronun əsas hissəsini xərcləməyi planlaşdırdığı silahların siyahısını təqdim edib. Siyahıdakı mövqelərin əksəriyyətini Ukrayna və Avropa istehsalı olan silahlar, ilk növbədə isə pilotsuz uçuş aparatları təşkil edib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas raket-interseptorlara malik olan Aİ ölkələrini və Aİ-dən kənar dövlətləri onları Ukraynaya verməyə çağırıb.
Avqustun əvvəlində Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, 2026-cı ilin əvvəlindən ölkə hava hücumundan müdafiə üçün əvvəlkindən təxminən üç dəfə az raket-interseptor alır. İyulun sonunda o, ABŞ Prezidenti Donald Trampdan "Patriot" üçün 300 raket istəyib, lakin KİV-in məlumatına görə, rədd cavabı alıb.
Zelenskinin sözlərinə görə, onların tədarükündə ABŞ-dən başqa, Almaniya, Polşa, Şimali Avropa ölkələri və Niderland da kömək edə bilər. Onun sözlərinə görə, bu Avropa dövlətləri artıq Ukraynaya belə raketləri qismən ötürürlər. Prezident potensial tədarükçülər kimi Cənubi Koreya və Yaponiyanın da adını çəkib, lakin onlar daxili qanunvericilikdəki məhdudiyyətlər səbəbindən hələlik müvafiq yardım göstərməyiblər.