"Almaniya hökuməti hesab edir ki, Kiyev iyunda Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq üçün bütün şərtləri yerinə yetirib".
Bu sözləri Almaniya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Anna Lyurman deyib.
"Ukrayna, Almaniya hökumətinin qiymətləndirməsinə görə, Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq üçün bütün lazımi tələbləri yerinə yetirib. Almaniya hökumətinin nöqteyi-nəzərindən, Ukrayna iyun ayında Aİ-yə üzvlük üzrə danışıqların başlaması üçün bütün tələblərə cavab verir. Buna görə də biz bütün üzv dövlətləri danışıqlar çərçivəsi ilə bağlı tez bir zamanda razılığa gəlməyə çağırırıq", - deyə Anna Lyurman bildirib.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Aİ sammitinin yekunlarına görə, Ukrayna və Moldova ilə onların Avropa İttifaqına daxil olması üzrə danışıqlara başlanması qərara alınıb. Danışıqlar prosesinin başlanmasına, Macarıstanın Baş naziri Viktor Orban istisna olmaqla, Avropa İttifaqına üzv olan bütün dövlətlərin nümayəndələri səs veriblər. Viktor Orban səsvermədən əvvəl zalı tərk edib və bununla da səsvermədə iştirakdan formal olaraq imtina edib.
Mənbə: DW.com