Almaniyanın şimalında yerləşən Vilhelmshafen şəhərində İkinci Dünya müharibəsi dövrünə aid ABŞ bombası tapıldığı üçün 13 mindən çox sakin məcburi şəkildə təxliyə olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Yahoo" məlumat yayıb.
Yerli polisin məlumatına əsasən, partlamamış hərbi sursatın çəkisi 250 kiloqramdır. Bombanın təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə bir kilometr radiusda heç kimin olmaması tələb edilir.
"Bomba hərbi-dəniz arsenalında aparılan işlər zamanı aşkar edilib. Təxliyə prosesi səhər saat 8:00-da (2 sentyabr - red.) başlayacaq və saat 11:00-a qədər Züdştadt, şəhər mərkəzi, eləcə də Heppens rayonunu əhatə edən ərazi tamamilə boşaldılmalıdır. Müvəqqəti sığınacaq kimi üç idman zalı sakinlərin ixtiyarına veriləcək", - deyə nəşr qeyd edir.
Həmçinin qeyd olunan müddət ərzində bütün ictimai nəqliyyat marşrutlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq.