ABŞ-nin "Apple" korporasiyası Rusiyanın VK şirkətinə məxsus tətbiqləri əvvəlcədən xəbərdarlıq etmədən və birtərəfli qaydada "App Store" platformasından çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə VK-nın yaydığı rəsmi bəyanatda bildirilib.
"Şirkətimiz heç bir zaman sanksiyalar altında olmayıb və sanksiya siyahılarına daxil edilməyib. Bu fakt ABŞ və beynəlxalq hüquqşünasların rəyləri ilə də təsdiqlənir. Bütün zəruri məlumatlar və rəsmi hüquqi rəylər "Apple" rəhbərliyinə təqdim olunub. Buna baxmayaraq, onlar heç bir xəbərdarlıq etmədən tətbiqlərimizi sildilər. "Apple" bu addımı ilə rusiyalı istifadəçilərin ən çox müraciət etdiyi xidmətlərdən yararlanmasına məhdudiyyət qoyur", - deyə şirkətin məlumatında qeyd olunub.
Hazırda "App Store" tətbiqlər mağazasında yalnız VK sosial şəbəkəsinin əsas proqramı əlçatandır. "Odnoklassniki", "Poçta Mail", "VK Muzıka", "VK Znakomstva" və "VK Messencer" də daxil olmaqla, digər bütün xidmətlərə giriş bağlanıb.
Şirkətin məlumatına görə, "Apple"ın bu qərarı nəticəsində istifadəçilər mesajlar və önəmli hadisələr barədə bildirişlər ala bilməyəcəklər. Lakin əvvəlcədən "Apple" smartfonlarına və digər cihazlarına yüklənmiş VK tətbiqləri fəaliyyətini davam etdirəcək. Vurğulanıb ki, "Android" istifadəçiləri üçün proqramlar tam həcmdə açıq qalır.
Bundan əlavə, VK "Apple"ın rusiyalı istifadəçilərə qarşı atdığı bu addımı əsassız və yolverilməz hal adlandırıb: "VK öz istifadəçilərinin maraqları çərçivəsində fəaliyyətini sürdürür və məhsullara, həmçinin xidmətlərə təhlükəsiz və rahat çıxışın təmin olunması üçün bütün zəruri addımları atır".