Argentina hökuməti ölkəyə sərmayə gətirə biləcək varlı əcnəbilər üçün "qızıl pasport" proqramını tətbiq etməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Argentina hökuməti təxminən 500 min dollar həcmində investisiya yatıran və ya bir milyon dollar dəyərində dövlət istiqrazları alan şəxslərə vətəndaşlıq verilməsini nəzərdə tutan proqram hazırlayır. Hökumət hesab edir ki, bu qərar dövlət borcunun ödənilməsi üçün zəruri vəsaitin cəlb edilməsinə kömək edə bilər.
"Qızıl pasport" proqramı ABŞ və Avropadan olan varlı şəxslərin Argentinaya marağını artıra bilər. Hökumət təşəbbüsün artıq bu il qüvvəyə minəcəyinə ümid edir.
Argentinanın keçmiş prezidenti Alberto Fernandes daha əvvəl bildirmişdi ki, ölkə böyük xarici borca görə ağır vəziyyətə düşüb. Onun sözlərinə görə, bunun səbəblərindən biri ABŞ-dən asılılıqdır.