Avropa Komissiyası (AK) "asılılıq yaradan elektron xidmətlər"lə bağlı aparılan təhqiqat çərçivəsində ABŞ-nin "Meta" korporasiyasını Avropa İttifaqının Rəqəmsal Xidmətlər haqqında Qanununu (Digital Service Act, DSA) pozmaqda ilkin olaraq günahlandırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinq zamanı AK-nın nümayəndəsi Toma Renye məlumat verib.
O qeyd edib ki, korporasiyanın "özünü müdafiə etmək hüququ" mövcuddur. Əgər AK-nın apardığı araşdırma bu ittihamı təsdiqləyərsə və ilkin qərar yekun qərarla əvəzlənərsə, "Meta" şirkəti illik dövriyyəsinin 10%-i miqdarında cərimə oluna bilər.
"Bir çox istifadəçilər, xüsusən də uşaqlar, saatlarla davam edən "Instagram" və "Facebook" lentinin sonsuz sürüşdürmə ("skrollinq") prosesinə cəlb olunurlar. Bu, "Meta"nın alqoritmlərinin, avtomatik oxutma sisteminin, təkan ("push") bildirişlərinin və xüsusi fərdiləşdirilmiş tövsiyə sistemlərinin nəticəsidir. Buna görə də bu gün Avropa Komissiyası "Meta"nı DSA-nı pozmaqda ilkin olaraq ittiham edib", - deyə o bildirib.
Renye, həmçinin vurğulayıb ki, ABŞ korporasiyası bu cür kommersiya təcrübələrinin insanların fiziki və psixi sağlamlığı üçün yarada biləcəyi riskləri qiymətləndirmir və onların azaldılması istiqamətində heç bir tədbir təklif etmir.
Həmçinin Renye "Instagram" və "Facebook" platformalarında istifadəçilərin yaşını yoxlamaq üçün effektiv işləyən sistemlərin olmadığını da diqqətə çatdırıb.
"Nəticə etibarilə, problemlərin yalnız bir neçəsini sadalasaq, uşaqlar davamlı narahatlıq, depressiya və yuxu pozğunluqlarından əziyyət çəkirlər", - deyə o əlavə edib.