Moldova respublikasının baş naziri vəzifəsinə namizəd Kirill Qaburiç bəyan edib ki, ölkənin avro-inteqrasiyaya kursunu davam etdirməyə və dövlətin idarəçiliyinin məsuliyyətini öz üzərinə götürməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə o, prezident Nikolay Timofti ilə görüşdən sonra bildirib.
“Bizim cənab prezidentlə, fraksiya liderləri ilə konstruktiv söhbətimiz oldu. Mən MLDP-nin mənim namizədliyimə dair təklifini qəbul edirəm və ölkənin idarəsinə dair məsuliyyəti öz üzərimə götürməyə hazıram. Proqramın əsas məqsədi avro-inteqrasiya kursunun davamı olacaq”, - Kirill Qaburiç bəyan edib.
Baş nazir vəzifəsinə yeni namizədin 38 yaşı var.
O, Moldovada bir sıra müəssisələrə rəhbərlik edib. Həmçinin, o, dörd il müddətində mobil rabitə şirkətlərindən birinə başçılıq edib. 2012-ci ildə o, Azərbaycanda Azercell şirkətinin rəhbəri olub.
Qaburiç Kişinevda Slavyan Universitetinin İqtisadiyyat fakültəsini bitirib.