Naməlum hakerlər Berlin Senatının şəbəkələrinə hücum edib. Hazırda hadisə ilə bağlı ilkin araşdırma aparılır.
Oxu.Az xəbər verir ki, bu barədə DPA paytaxtın hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, kiberhücuma Berlin Senatının şəhərsalma, tikinti və mənzil məsələləri üzrə idarəsi, həmçinin mobillik, nəqliyyat, ətraf mühitin mühafizəsi və iqlimin qorunması üzrə idarəsi məruz qalıb.
Digər departamentlərə zərər dəyməsinin qarşısını almaq məqsədilə həmin qurumların hökumət şəbəkəsinə çıxışı dayandırılıb.
Hadisənin araşdırılmasına Berlin əyalətinin cinayət işləri üzrə idarəsi, Berlin prokurorluğu və İnformasiya Texnologiyalarının Təhlükəsizliyi üzrə Federal İdarə (BSI) cəlb olunub. Bununla bağlı böhran vəziyyətləri üzrə qərargah yaradılıb.
Məlumatların sızıb-sızmadığı hələlik məlum deyil.