ABŞ Prezidenti Donald Tramp İranla münaqişəni daha da kəskinləşdirmək məcburiyyətində qala biləcəyi ssenarini istisna etmədiyini bildirib. O, bunun neft qiymətlərinə mənfi təsir göstərə biləcəyini də qeyd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyinə istinadən məlumat yayılıb.
"İran böhranı ilə bağlı deyə bilərəm ki, neft qiymətləri düşməkdə davam edəcək. Yalnız o halda ki, biz indiyədək atdığımız addımlardan daha radikal addımlar atmaq qərarına gəlməyək", - deyə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Bununla yanaşı, ABŞ Prezidenti İranın hazırda böyük çətinliklərlə üzləşdiyini və bu səbəbdən Tehranın ABŞ ilə mübahisəli məsələlər üzrə razılaşma əldə etməli olduğunu bir daha vurğulayıb.
Tramp İranın tənzimləmə üçün zəruri hesab etdiyi razılaşmaya getməsini gözləmədiyini bildirib.
"Onlar razılaşma əldə etmək istəyirlər, lakin mənim zəruri hesab etdiyim razılaşmanı imzalamayacaqlar", - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
ABŞ prezidenti bir daha vurğulayıb ki, "İran nüvə silahına çıxış əldə etməməlidir".