Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Beyrut partlayışı – “dağıntının” altından kimlər çıxacaq? – TƏHLİL
Avqustun 4-də yerli vaxtla saat 18 radələrində Livanın paytaxtı Beyrutda dəhşətli partlayış baş verdi. Beyrut dənizlimanının 12 saylı anbarında baş verən partlayış nüvə bombası səviyyəsində dağıntılara səbəb oldu. Bu günə olan məlumata əsən hadisə nəticəsində 137 nəfər dünyasını dəyişib, 5 mindən çox yaralı var. Ancaq hazırda axtarış-xilasetmə işləri davam etdiyi və 100-dən çox itkin şəxsin olması səbəbindən itkilərin sayının artacağı gözlənilir.
Atom bombası effekti
İlkin ehtimala görə partlayışa 2750 ton ammonium-nitrat maddəsi səbəb olub. Partlayışın yaratdığı titrəmə Beyrutdan 240 km uzaqda olan Kipr adasında da hiss olunub. 10 kilometr radiusda isə zəlzələ effketi doğurub.
İlkin araşdırmalara əsasən partlayış nəticəsində 300 min insan evsiz qalıb. Partlayış limanda baş verdiyi üçün ətrafdakı sənayə və ticarət mərkəzləri, anbarlar dağılıb. Beyrut valisi Mərvan Abbud bildirib ki, partlayış Livan paytaxtına vurduğu zərər 10-15 milyard dollar dəyərindədir.
Qərb mediasının yazdığına görə, partlayışa səbəb olan maddə 2013-cü ildə Batumi limanından Mozambikə yola salınan “MV Rhosus” adlı Moldova bayrağı altında üzən gəmidə olan 2750 ton amonium-nitrat olub. Ancaq yolda gəmidə “ciddi istifadə pozuntusu”, liman xərclərinin ödənməməsi kimi şikayətlər səbəbindən Beyrut limanında gəmiyə həbs qoyulub. Bir müddətdən, daha dəqiqi 11 aydan sonra gəminin kapitanı Preşkov və heyət gəmidən buraxılıb. 2014-cü ildə isə məhkəmə qərarı ilə təhlükəli yük gəmidən boşaldılaraq anbara yığılıb.
Beyrut limanı
Beyrut limanı hazırda dünyada iş qabiliyyətinə görə 171 aktiv yük limanı arasında 38-ci yerdədir. Eyni zamanda Yaxın Şərqdə 6-cı ən böyük və işlək dəniz limanı hesab olunur. Beyrut Limanı İordaniya, Səudiyyə Ərəbistanı, İraq və digər körfəz ölkələrinin Aralıq dənizi ilə əsas bağlantısını təşkil edən limanlardan biridir.
Beyrut Limanı 2017-ci ildə 313 milyon dollar gəlir əldə edib. Həmçinin limandan Livan hökuməti 2017-ci ildə 124 milyon dollar xalis gəlir əldə edib. Limandan ildə 1,2 milyon konteyner daşınır.
Regionun ən böyük limanlarından olan Beyrut limanında konteyner, avtomobil, quru və maye yüklərinin saxlandığı anbarbarlar da daxil olmaqla sərnişin vağzalı var. 1,2 milyon kv.m quru əraziyə sahib olan liman 1 milyon kv.m su hövzəsinə sahibdir. 5655 metr uzunluğunda sahil zolağını əhatə edir. Liman 12 anbardan ibarətdir. Bunların içərisində 120 min ton tutumu olan taxıl anbarı da var. Yeri gəlmişkən, bəzi media orqanlarında partlayış nəticəsində Livanın ərzaq ehtiyatının məhv olduğu haqda iddialar ortaya atılsa da, yerli hökumət ərzaq probleminin olmadığını bildirir.
İlk dəfə 1894-cü ildə Osmanlı dövründə fəaliyyətə başlayan Beyrut limanı 1925-60-cı illərdə fransızların idarəçiliyində olub və 1960-ı ildən Livan hökumətinə verilib. Ancaq 1975-ci ildən 1990-cı ilə qədər davam edən vətəndaş müharibəsində Beyrut şəhəri kimi liman da dağıdılaraq istifadəyə yararsız hala düşüb. Lakin müharibədən sonra yenidən bərpa olunaraq işə başlayıb.
Qəza, yoxsa qəsd?
İlkin versiyaya görə, partlayışa səbəb anbarda həyata keçirilən qaynaq işləri olub. Anbarda saxlanılan məhsulun oğurlanmasının qarşısını almaq məqsədilə dəliklərdə qaynaq aparılan zaman yanğın baş verib və nəticədə partlayış olub.
Lakin bir çoxları, o cümlədən ABŞ prezidenti hadisədə qəsd ehtimalına işarə edir. Prezident Donald Tramp deyib ki, “hazırda Beyrutdakı partlayışın hücum olub-olmadığını heç kim bilmir”.
ABŞ Müdafiə Naziriyi Beyrut limanındakı partlayışla bağlı araşdırma aparır. ABŞ prezidenti partlayışla bağlı ilk mesajında “qorxunc hücum” ifadəsini işlədib.
Eyni zamanda Livan prezidenti hökumətə hadisənin araşdılması və günahkarların müəyyən edilməsi 4 gün vaxt təyin edib. Liman rəhbərliyi isə ev həbsinə alınıb.
Livanın keçmiş baş naziri Səəd Həririnin liderlik etdiyi “Mustəqbəl” (Gələcək) Hərəkatı partlayışla bağlı şübhəli məqamların olduğunu iddia edir. Onlara görə partlayış “hücum” da ola bilər.
Hadisədən dərhal sonra bir neçə istiqamətdə “şübhəlilər”, daha dəqiqi ititham obyektləri meydana çıxıb. Bunlar İsrail, Hizbullah və ABŞ-dır. Partlayışın baş verdiyi 12 saylı liman bölməsinin Hizbullaha məxsus olması iddiaları, eyni zamanda videogörüntülərdə ilk kiçik yanğından sonra kənardan naməlum cismin yanğın yerinə uçması və bundan sonra böyük partlayışın baş verməsi, eləcə də bəzi mütəxəssislərin omonium-nitratın kənardan müdaxilə olmadığı təqdirdə bu şəkildə partlaya bilməyəcəyi ilə bağlı rəyləri “şübhə dumanını” daha da qatılaşdırıb.
Bəzilərinə görə, limanı İsrail vurub. Buna səbəb kimi, İsrail baş nazirinin 2018-ci ildə BMT-də çıxışı zamanı Livan paytaxtı Beyrutun xəritəsini göstərərək liman ərazisində Hizbullaha məxsus silah anbarının olduğunu iddia etməsi göstərilib. Lakin sonradan fotonun əsli üzə çıxıb və məlum olub ki, Netanyahu limana deyil, Beyrutun fərqli rayonuna işarə edib.
Başqa bir versiyaya görə isə partlayışın arxasında Livan hökuməti ilə Mərkəzi Bank arasında gizli münaqişə dayanır. Çünki son aylarda ölkədə sürətli iqtisadi çöküş hökumət və Mərkəzi Bank arasında ciddi münaqişəyə səbəb olub.
Ancaq aydın məsələdir ki, Beyrut limanında partlayış daxili siyasi mübarizədə ciddi vasitə rolunu oynayacaq və eləcə də bəzi problemlərin üstünü örtmək üçün istifadə olunacaq.
Söhbət ondan gedir ki, Livanda iqtisadi vəziyyət son aylarda sürətlə pisləşib. İyunun əvvəlində Livanda ABŞ dolları qəflətən 50 faiz bahalaşıb. 1 ABŞ dolları 4 min Livan lirəsindən 6 minə yüksəlməsi onsuz da ağır olan iqtisadi vəziyyəti daha da pisləşdirib. Əhali qiymətlərin və həyat şərtlərinin bahalı olduğu Livanda hökumət və Mərkəzi Bank əleyhinə şüarlar səsləndiriblər.
Livanda dövlət borcu isə 90 milyard dolları ötüb. Hətta hökumətin defolt olacağı ilə bağlı iddialar gündəmə gəlsə də, Baş nazir Diyab hökumətin fəaliyyət göstərəcəyini deyib. Livan hökuməti BVF-dən ildə 2 milyard dollar olmaqla 10 milyard dollar kredit almaq üçün danışıqlar aparır.
İyulun 1-də Livanda davam edən iqtisadi böhran nəticəsində çörək qiymətləri 33 faiz bahalaşıb. 900 rqamlıq çörəyin qiyməti 1500 lirədən 2 min lirəyə qaldırılıb.
Digər tərəfdən, qurudan yalnız Suriya və İsraillə sərhədi olan Livanın hazırda yeganə faktiki quru əlaqəsi Suriya üzərindən həyata keçirir. Müharibə səbəbindən bu əlaqələr məhdudlaşıb, Livanın ərəb ölkələri ilə ticarət əlaqələri xeyli zəifləyib. Üstəlik Livan 1 milyondan çox suriyalı qaçqın qəbul etməklə daha da çətin vəziyyətə düşüb.
Ərəb mediası ərzaq qıtlığını Livandakı 1 milyon suriyalı qaçqın və ərzağın Suriyaya satılması ilə izah edir. Həmçinin Hizbullahın 7 ildir Suriyada savaşdığı, eləcə də Livandan ərzağı Suriyaya satdığı və dolayısı ilə iqtisadi vəziyyətin ağırlaşmasında Hizbullah və İran amili qabardılır. Aydın məsələdir ki, müharibə gedən Suriyada əzaq təminatında Livanın rolu böyükdür. Burda daha bir həqiqət ondan ibarətdir ki, Hizbullaha görə son illərdə ABŞ Livana yardımları azaldıb. Çünki ABŞ-ın terror təşkilatı elan etdiyi Hizbullahın Livan parlamenti və hökumətində təmsil olunması Vaşinqtonu narazı salır. Məsələnin digər tərəfi isə İranın Hizbullah vasitəsilə Livana silah yerləşdirdiyi, Fələstindəki cihad qruplarını dəstəklədiyi faktıdır. Vaşinqton isə iki il əvvəl İranın Yaxın Şərqdəki dayaqlarını zəiflədəcəyini elan edib.
ABŞ, İsrail və regional müttəfiqləri İranı Livandan sıxışdırıb çıxarmaq üçün Hizbullahı zəiflətməyə çalşır. Hizbullah isə hazırda çox güclüdür və üstəlik Taif anlaşması (1989) Hizbullaha Livanda silahlı qüvvə saxlamaq hüququ verir. Bu səbəbdən də son 3 ildə Hizbullahın zəiflədilməsi prosesində Livana təzyiqlər həyata keçirilir. Ancaq ölkə prezidenti, mauruni xristian və keçmiş ordu generalı Mişel Aun Hizbullahla bir sıra məsələlərdə anlaşdığı üçün Qərbin təzyiqlərinə boyun müqvimət göstərir. Lakin görünür ki, bu hadisələrdən sonra Livanın uzun zaman müqavimət göstərməsi də çətin olacaq.
Partlayışın “altında qalanlar”
Görünür ki, bu hadisə tezliklə ciddi siyasi müstəvidə qalmaqala çevriləcək. İyunun 6-da Beyrutda baş verən etiraz aksiyaları sosial-siyasi şüarlarla başlasa da, sonradan məzhəb gərginlyi və Hizbullah əleyhinə çevrildi. Təbii ki, qarşı tərəf də öz arqumentləri və imkanları ilə müdafiə olunmağa çalışır.
Beyrut partlayışının səbəbləri nə olursa olsun, Livanda daxili siyasətdə materiala çevriləcəyi və siyasi rəqiblər arasında qarşılıqlı ititham vasitəsi olacağı gözlənilir. Daha doğrusu artıq bunun ilk əlamətləri mövcuddur. Məhz bu səbəbdən də partlayışın siyasi təsiri hələ uzun zaman davam edəcək. Xüsusən də bu hadisədən sonra xarici ölkələrin yenidən Livana hərbi və təhlükəsizlik qüvvələri yerləşdirməsi ehtimalı yüksəlir. Bu sırada önə çıxan Livanın keçmiş protektoratı Fransadır. Artıq Beyruta səfər etmiş Fransa prezidenti Emmanuel Makron Beyruta şərtli dəstəyini təklif edib.
Livan parlamentinin spikerinin müavini (Livan siyasi sisteminə əsasən prezident mauruni xristian, baş nazir sünni, məclis sədri isə şiə olmalıdır – müəllif.), xristian siyasətçi Elie Ferzli beyrut limanındakı partlayışı araşdırmaq üçün beynəlxalq komisisya dəvət edilməsi təklifinə qarşı çıxıb. O, bunu Livan dövlətinin gözdən salınması addımı kimi qiymtələndirib.
Ancaq qarşı cəbhə əksini düşünür. Məsələn, Livan Qabaqcıl Sosialist Partiyasının lideri, druz siyasətçi Vəlid Cumbulat isə Beyrut partlayışıilə bağlı beynəlxalq istintaq komissiyasının yaradılmasını və yaxın zamanlarda məzhəb əsaslı olmayan seçkilərin keçirilməsi çağırışı edib. Həmçinin mövcud hökuməti tənqid edib. Artıq Livanda siyasi gərginlyin ilk addımlarının atıldığını demək olar.
Yeri gəlmişkən, Livan beynəlxalq məhkəməsi 2005-ci ildə terror nəticəsində öldürülmüş baş nazir Rəfiq Həririnin işi ilə bağlı avqustun 7-də yekun qərarı açıqlamalı idi. Ancaq partlayış səbəbindən qərar 18 avqusta təxirə salınıb. Bu qərarın da Livanda siyasi gərginlyi yüksəldəcəyi gözlənilir.
Xatırladaq ki, məhz 2005-ci ilin fevralında R.Həririnin öldürülməsinin ardınca başlayan beynəlxalq siyasi təzyiqlərdən sonra Bəşər Əsəd Suriya ordusu qüvvələrini Livandan çıxarmalı olub. Uzun müddət terrora görə Suriya ittiham olunsa da, rəsmi Dəməşq bu ittihamları rədd edib. Ancaq bu terror aktının məhkəməsi hələ də davam edir. R.Həriri sui-qəsdindən çıxış etmiş olsaq, Livanda növbəti siyasi partlayışın baş verəcəyini deyə bilərik.
Kənan
"BMT" teqi üzrə xəbərlər
- Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
Rəylər