Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkə ərazisində onlayn mərc oyunlarına tam qadağa qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "G1" informasiya portalı yayıb.
Tətbiq edilən məhdudiyyət virtual kazinolara və onlayn qumar oyunlarına şamil olunur. Qərar dərhal qüvvəyə minsə də, hökumət qadağanın 120 gün ərzində tam təsdiqlənməsi üçün parlamentə müvafiq qanun layihəsi təqdim etməlidir.
İstifadəçilərə oktyabrın 5-i günün sonunadək müvafiq onlayn platformalardan öz vəsaitlərini sərbəst şəkildə çıxarmaq imkanı yaradılacaq. Oktyabrın 6-dan etibarən isə Braziliyada bu cür saytlar və tətbiqlər fəaliyyətini dayandıracaq. Hesablarda qalan pullar bukmeker şirkətləri tərəfindən banklar vasitəsilə sahiblərinə qaytarılmalıdır.
"Mən sərt, radikal və zəruri addım atmaq qərarına gəldim. Bu, xərçəng xəstəliyinə bənzəyir: ya sən şişi çıxarırsan, ya da şiş bizi öldürür", - deyə prezident Lula da Silvanın vurğulayıb.
Portalın məlumatına görə, Braziliya dövlət başçısı eyni zamanda mərc oyunlarının təbliği ilə məşğul olan şəxslərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini də Konqresə göndərib.