Fransada təcavüzə qarşı çıxan qadın fəalları təhqir etmiş Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makrona qarşı hərəkat başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Closer" jurnalında dərc olunmuş materialda məlumat verilib.
Məlumata görə, minlərlə qadın sosial şəbəkələrdə yazmağa başlayıb ki, onlar özləri də yüngüləxlaqlı "çirkli" (Makronun istifadə etdiyi ifadənin daha yüngül forması) qızlardır və "qalan digərlərini də dəstəkləyirlər".
"Fransadakı "MeToo" hərəkatının əhəmiyyətli fiqurlarından olan Jyudit Qodreşe tərəfindən qara fonda yayımlanan bu paylaşım tez bir zamanda onlarla qadın tərəfindən bəyənilib və təhqiri aktivizm bayrağına çevirib", - deyə materialda qeyd edilib.
Hərəkatı Şarlott Qaçço, Sidoni Bonnek və Raşida Brakni kimi bir neçə tanınmış şəxs dəstəkləyib.
Bricitin nümayəndəsi daha sonra baş verənlər barədə ilk dəfə şərh verib.
"Bu dialoq yalnız Ari Abittanın çıxışını pozan maskadakıların istifadə etdiyi radikal metodların tənqidi kimi nəzərdən keçirilməlidir. Bricit Makron bu radikal metodları dəstəkləmir", - deyə birinci xanımın mətbuat katibi bildirib.
Lakin bu, vəziyyəti xilas etməyib, ictimaiyyətdə qəzəb yaranıb və sosial şəbəkələrdəki tənqidlərə yüksəkvəzifəli məmurlar da qoşulublar. Məsələn, Bricitin sözlərini qınayanlar arasında parlament üzvü Sara Leqreyn də olub.
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı, 72 yaşlı Bricit Makron növbəti səs-küylü qalmaqala düşüb. O, təcavüzə qarşı çıxan qadın fəalları nalayiq sözlərlə təhqir edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Sun" nəşri məlumat verib.
Məlumata görə, Fransanın birinci xanımı barəsində cinayət işi qaldırılan komediya aktyoru Ari Abittanın konsertində iştirak edib. 2021-ci ildə o, bir ay müddətində görüşdüyü qız tərəfindən təcavüzdə ittiham olunub. Üçillik araşdırmadan sonra iş bağlanıb. Lakin ictimaiyyət bu faktı unutmayıb - qadın fəallar Abittanın çıxış etdiyi teatra girərək konserti dayandırıblar.
Bricit aktyora dəstək olmaq üçün səhnə arxasına keçib və bunu da təsadüfən kamera lentə alıb.
"Mən qorxuram", - deyə Abittan birinci xanıma şikayət edib.
"Əgər bu iyrənclər buradadırlarsa, biz onları çölə atacağıq. Bu, inanılmazdır... maskalı quldurlar", - deyə Bricit onları təhqir edib.
Qadınlar, həqiqətən də, maskada olublar və "Zorakılığa yox!" tipli şüarlar səsləndiriblər. Video dərhal sosial şəbəkələrdə yayılıb və istifadəçilər növbəti dəfə prezidentin həyat yoldaşını tənqid atəşinə tutublar.