ABŞ Prezidenti Donald Tramp milyarder və kosmos səyyahı Cared Ayzekmanı yenidən ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) başçısı vəzifəsinə təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə Tramp özünün "Truth" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu gün axşam uğurlu iş adamı, xeyriyyəçi, pilot və astronavt Cared Ayzekmanı NASA-nın direktoru vəzifəsinə namizəd irəli sürdüyümə görə şadam", - deyə o yazıb.
ABŞ lideri vurğulayıb ki, Ayzekmanın kosmosa marağı, astronavt kimi təcrübəsi və tədqiqatların sərhədlərini genişləndirmək, Kainatın sirlərini açmaq və kosmosda yeni iqtisadiyyatı inkişaf etdirmək əzmi onu ideal namizədə çevirir.
Qeyd edək ki, Tramp Ayzekmanın NASA-nın direktoru vəzifəsinə hələ 2024-cü ilin dekabrında namizəd irəli sürmüşdü. Ayzekman bu təklifi qəbul etmiş və bəşəriyyətin əsl kosmos sivilizasiyasına çevriləcəyi dövrün başlanğıcını qoymağı, eləcə də amerikalıların Aya və Marsa uçuşlarını həyata keçirəcəyini vəd etmişdi. 2025-ci ilin aprelində onun namizədliyi təsdiq edilmiş, lakin gözlənilmədən Tramp tərəfindən geri çəkilmişdi.
İyul ayında Tramp ABŞ-nin nəqliyyat naziri Şon Daffini NASA-nın müvəqqəti direktoru təyin etmişdi.