Çinli alimlər COVID-19-a qarşı antitel tərkibli yeni dərman hazırlayırlar.
“France Press” xəbər verir ki, tədqiqatçılar hazırlanan dərmanın pandemiyanın qarşısını ala biləcəyinə inanırlar.
Eyni zamanda, dərmanın sağlamlığın bərpa müddətini qısaltmaqla yanaşı, qısa müddətdə orqanizmi immunitetlə təmin edə biləcəyi də gözlənilir.
Pekin Universitetinin direktoru Sanni Se dərmanda sağalmış 60 xəstənin qanından əldə edilmiş neytrallaşdırıcı antitellərdən istifadə edildiyini bildirib.
Onun sözlərinə görə, indi bu dərman heyvanların üzərində uğurla sınaqdan keçirilir:
“Virusa yoluxan siçanlara neytrallaşdırıcı antitellər vurduğumuz zaman, beş gündən sonra virus yükü 2,5 min dəfə azalıb. İnfeksiyadan əvvəl heyvana zərərsizləşdirici antitel vurularsa, o, sağlam qalır”.
Se dərmanın klinik sınaqlarının Avstraliyada və digər ölkələrdə aparılacağını, preparatın bu il istifadəyə hazır olacağını qeyd edib:
“Ümid edirik ki, bu zərərsizləşdirici antitellər pandemiyanı dayandıracaq xüsusi dərman olacaq”.