Dəməşqin mərkəzində baş verən partlayışlar Fransa lideri Emmanuel Makronun Suriyaya səfərini pozmaq məqsədi daşıyıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Suriyanın keçid dövrünün prezidenti Əhməd əş-Şaraa bəyan edib.
Onun sözlərinə görə, hazırda araşdırma aparılır və bu alçaq cinayəti törədənlər ən qısa zamanda saxlanılacaqlar:
"Partlayışlara baxmayaraq, Dəməşqə səfərini davam etdirmək qərarına gələn Prezident Makronun cəsarətini yüksək qiymətləndirirəm".
Suriya rəhbəri qeyd edib ki, bu addım sayəsində Suriya üçün müxtəlif sahələrdə mühüm sazişlər imzalanıb və bu sənədlər müharibədən sonrakı yenidənqurma prosesini sürətləndirməyə imkan verəcək. Öz növbəsində, Makron Suriyanın beynəlxalq birlikdə öz yerini tutmasına mane olmağa çalışan qruplaşmaların regionda fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
"Biz Suriyanın daxili işlərinə müdaxilənin və onun suverenliyinin pozulmasının bütün formalarını pisləyirik", - deyə Fransa rəhbəri əlavə edib.
Dəməşqdə baş verən partlayış zamanı Suriyanın turizm nazirinin müavini yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Al-Hadath" telekanalı Suriya Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
"Suriyanın turizm nazirinin müavini Fərəc əl-Kaşkuş Dəməşqdə baş verən partlayışlarda xəsarət alıb", - deyə məlumatda bildirilib.
Dəməşqdəki hotel yaxınlığında baş verən partlayışların sifarişçisinin İŞİD terror təşkilatı ola biləcəyi ehtimal edilir. Mənbəyə görə, partlayışlar ABŞ və Suriyanın yaraqlılara qarşı apardığı son əməliyyatlara terrorçuların cavab tədbiri ola bilər.
Dəməşqdə baş verən partlayışlar nəticəsində dörd polis əməkdaşı da daxil olmaqla, ən azı 18 nəfər yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə SANA Suriya Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, hər iki partlayıcı qurğu əldəqayırma olub - biri yol kənarındakı avtomobildə, digəri isə zibil konteynerində yerləşdirilib.
Nazirlik həmçinin bildirib ki, partlayış yeri Fransa prezidenti iqamətgahının mühafizə olunan zonasının hüdudlarından kənarda olub və birbaşa təhlükə yaratmır.
Daxili İşlər Nazirliyi əlavə edib ki, Emmanuel Makronun səfəri qrafik üzrə davam edir.
Fransa Prezidenti Emmanuel Makronun qaldığı Dəməşqin mərkəzindəki "Four Seasons" hotelinin yaxınlığında bir neçə partlayış baş verib.
Oxu.Az-ın "Bild" "Telegram" kanalına istinadən xəbərinə görə, Suriya KİV həmin vaxt Makronun artıq Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşmək üçün prezident sarayına doğru yola düşdüyünü yazıb.
Həmçinin Fransa prezidentinin ofisi Makronun təhlükəsizlikdə olduğunu və səfərinin davam etdiyini bildirib.
Suriya dövlət mediası təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat verib ki, partlayışlardan ikisi partlayıcı qurğulardan qaynaqlanıb.
Hələ ki ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisənin məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.
Fransa Prezidenti Emmanuel Makronun səfəri zamanı Dəməşqdə baş verən partlayışlardan biri kamera ilə görüntülənib.
Oxu.Az partlayış anının videosunu təqdim edir:
Fransa Prezidenti Emmanuel Makronun səfəri zamanı Dəməşqdə partlayış səsləri eşidilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat verir.

Məlumata görə, Suriyanın paytaxtı Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayıcı qurğular işə düşüb.
Partlayışdan sonra yollar bağlanıb və təhlükəsizlik tədbirləri görülüb.
"Reuters"in şahidi ətraf ərazidə partlayış səsləri eşidib və tüstü qalxdığını görüb.
Qeyd edək ki, Makron Suriya prezidenti Bəşər Əsədin devrilməsindən bəri Dəməşqə səfər edən Avropa İttifaqının ilk böyük nümayəndəsidir.