Xorvatiyada Zaqreb "Dinamo"sunun mərakeşli müdafiəçisi Sami Mmaenin "Qarabağ" futbol klubuna transferi ehtimalına münasibət bildirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Gol.hr məlumat verib.
"Mmae böyük gözləntilərlə "Dinamo"ya keçdi, illik 800 min avro maaşla 2028-ci ilə qədər müqavilə imzaladı. Mərakeşli müdafiəçi Vahid Halilhociçin tövsiyəsi ilə keçən yay Budapeşti Zaqrebə dəyişdi. Bununla belə, həm meydanda, həm də meydandan kənarda problemli mövsüm keçirdi.
Ovaxtkı baş məşqçi Nenad Byelitsa ilə münaqişədən sonra o, birinci komandadan uzaqlaşdırılıb. Fabio Kannavaro Mmaeni komandanın tərkibinə qaytarmağa çalışsa da, onun oyunu ümidləri doğrultmadı və bu səbəbdən o, yenidən ehtiyat oyunçular skamyasında qaldı. "Ferentsvaroş"da oynadığı müddətdə Mmae barədə məlumat toplayan "Qarabağ" növbəti dəfə futbolçu ilə maraqlanıb. Zaqreb klubu ümid edir ki, Mmae azərbaycanlıların təklifini qəbul edəcək və bununla da "Maksimir"in büdcəsini xeyli yüngülləşdirəcək", - deyə məlumatda qeyd olunub.