ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdə aktyor Denzel Vaşinqtona aid edilən və onu tərifləyən sitat paylaşıb, lakin bu ifadənin saxta olduğu üzə çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Məlumata görə, Birləşmiş Ştatların rəhbəri həmin sitatı "Truth Social" platformasında yayımlayıb. Guya aktyor iddia edib ki, Trampdan "daha cəsur, daha ağıllı və ya ABŞ haqqında daha çox düşünən başqa birini heç vaxt görməyib".
Nəşr vurğulayır ki, bundan əvvəl eyni sözlər aktyor Metyu Makkonahi və müğənni Mik Caggerin də adına çıxılmışdı. Vaşinqtonun maraqlarını təmsil edən "PMK Entertainment" şirkətinin prezidenti Alan Nierob qəzetə açıqlamasında deyib:
"Bu, həqiqətə uyğun deyil. Bunun haradan qaynaqlandığı barədə heç bir fikrim yoxdur".
Ağ Ev nəşrin bununla bağlı sorğusunu cavabsız qoyub. Trampın paylaşımı isə hələ də silinməyib və istifadəçilər tərəfindən görünə bilir.
