Efiopiyanın Amhara regionunda güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ən azı 14 nəfər ölüb, daha yeddi nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə AP yerli rəsmilərə istinadən məlumat yayıb.
Sürüşmə Müqəddəs Məryəm monastırının ərazisində baş verib. Hadisə anında orada müqəddəs su ilə təmizlənmə ayinində iştirak edən yüzlərlə dindar olub.
"Faciə bazar ertəsi səhər saat 7 radələrində qeydə alınıb. Həyatını itirənlərin əksəriyyəti müqəddəs su almaq üçün gələnlər idi", - deyə yeparxiyanın baş idarəedicisi Meqabe Hadis Neka Tibeb Ababu bildirib.
Onun sözlərinə görə, dağıntılar altında hələ də insanların olması istisna edilmir və zərərçəkənlərin dəqiq sayı hələ müəyyənləşdirilməyib. Ölənlərdən 11 nəfəri artıq monastır ərazisində dəfn edilib, digərlərinin cəsədləri isə yaşadıqları yerlərə göndərilib. Bəzi qurbanların şəxsiyyətinin müəyyən edilməsində çətinliklər yaranıb.
Vəziyyəti ağır olan yaralılar hadisə yerindən təxminən 70 km məsafədə yerləşən və Şimali Şeva zonasının inzibati mərkəzi sayılan Debre Birhan şəhərinə təxliyə ediliblər.