Türkiyənin Manisa vilayətində yerləşən qədim Sardis şəhərində arxeoloqlar uzunsaçlı gənci təsvir edən monumental mərmər heykəl aşkar ediblər.
Oxu.Az bu barədə "Arkeonews" saytına istinadən xəbər verir.
Alimlərin qiymətləndirməsinə görə, tapıntının yaşı təxminən 2 500 ildir. Sardis qədim Lidiya çarlığının paytaxtı olub və zənginliyi ilə tanınan mühüm tarixi şəhərlərdən biri hesab edilir. Tarixçilərin fikrincə, e.ə. VII əsrdə məhz burada dünyanın ilk sikkələri zərb olunub ki, bu da beynəlxalq ticarətin inkişafında mühüm dönüş nöqtəsi yaradıb. Sonralar şəhər Əhəmənilər imperiyasının qərb vilayətinin inzibati mərkəzinə çevrilib.
Hazırda Sardis Türkiyənin ən zəngin arxeoloji abidələrindən biri sayılır. Son tapılan heykəl isə bölgədə son illərin ən əhəmiyyətli arxeoloji kəşflərindən biri kimi qiymətləndirilir.
Hündürlüyü 2,2 metr olan heykəl ayaq üstə dayanmış gənci təsvir edir. Onun e.ə. V əsrin birinci yarısında hazırlandığı bildirilir. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tapıntını qədim Anadolu mədəniyyətinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyan kəşf adlandırıb.
Heykəl iki hissəyə parçalanmasına baxmayaraq, olduqca yaxşı vəziyyətdə qorunub saxlanılıb. Roma dövründə o, tikinti materialı kimi istifadə olunaraq Sardisdə sütunlu küçənin döşəməsinə üzü aşağı yerləşdirilib. Məhz bu səbəbdən heykəl eroziya, aşınma və hava şəraitinin təsirlərindən qorunub.
Gəncin əynində yüngül xitonun üzərindən geyinilmiş qalın himation təsvir olunub. Onun sağ əlində isə ehtimal ki, tanrıya təqdim olunmaq üçün nəzərdə tutulmuş meyvə var.
Hazırda mütəxəssislər qədim dövrdə mərmər heykəllərin rəngləndiyini təsdiqləyə biləcək boya izlərini araşdırırlar. Tədqiqat və bərpa işləri başa çatdıqdan sonra heykəl Manisa Muzeyində nümayiş etdiriləcək.