Səudiyyə Ərəbistanının Kral məhkəməsi zorlanmış 19 yaşlı qızı cinslərin ayrılması haqqında qanunu pozduğu üçün 200 qamçı zərbəsi və 6 ay həbs cəzasına layiq görüb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu arada zorlayan şəxslər yüngül cəzalar alıblar.
Şiə məzhəbindən olan qız Ali məhkəmə tərəfindən əvvəlcə 90 qamçı zərbəsinə layiq görülmüşdü. Lakin onun vəkili apelyasiya şikayəti verdikdən və mətbuata müraciət etdikdən sonra hökmə yenidən baxılıb və onu daha da sərtləşdiriblər. Bundan başqa, vəkil məhkəməyə qarşı hörmətsizliyə görə lisenziyadan məhrum edilib və ona qarşı inzibati cərimə tətbiq edilib.
Səudiyyə Ərəbistanının ədliyyə naziri Əbdül Rəhman Əl-Lahim bəyan edib ki, beynəlxalq ictimaiyyətin və qərb dövlətlərinin rəsmi şəxslərinin bu hökmə qarşı sağlam tənqidini müsbət qarşılayır, lakin əmin edir ki, qızın günahı sübuta yetirilibmiş.
Məhkəmə qərara alıb ki, qızın günahı açıq-aşkar məlumdur. Onun günahı naməlum kişi ilə birlikdə olmaq və ictimai yerdə görünməkdən ibarətdir. Belə qadın artıq islam məhkəməsi tərəfindən zərərçəkmiş kimi qəbul olunmur və onun kimisə cinayətdə ittiham etmək hüququ yoxdur.
Qız öz tanışı ilə görüşmək barədə razılığa gəldiyi gün zorlanıb. Onlar maşında olarkən 2 nəfərin hücumuna məruz qalıblar. Həmin şəxslər qızı və onun dostu uzaq bir yerə aparıblar. Burada 7 nəfər gənc qızı zorlayıb, onun dostunu isə döyüblər.