Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) nəzdində xarici əks-kəşfiyyat qurumu yaradılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Qeyd olunub ki, "Milli təhlükəsizlik orqanları haqqında" Qanuna müvafiq dəyişikliklər edilməsi haqqında layihə cümə axşamı hökumətin iclasında təsdiqlənib və parlamentə göndəriləcək.
Qanun layihəsinin MTX və Xarici Kəşfiyyat Xidmətinin (XKX) funksiyalarının bölüşdürülməsi ilə əlaqədar qəbul edilməsi təklif olunur.
Qanunvericiliyə görə, XKX-yə ölkənin xarici kəşfiyyat fəaliyyəti keçməlidir, lakin xarici əks-kəşfiyyat MTX-nin strukturunda qalmalıdır. Bunun üçün MTX-də müvafiq bölmə yaratmaq və onun XKX ilə qarşılıqlı fəaliyyətini tənzimləmək zərurəti yaranıb.
Yeni bölmənin vəzifələrinə xaricdəki erməni diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi daxil olacaq.
Xatırladaq ki, XKX MTX-dən 2022-ci ilin dekabrında ayrılıb, onun rəhbəri vəzifəsinə Kristine Qriqoryan (Ermənistanın keçmiş ombudsmanı) təyin edilib.