Estoniyanın Tartu şəhərinin rəhbərliyi məktəblərdə pəncərələri xüsusi qoruyucu örtüklərlə təchiz etməyə başlayıb.
Oxu.Az "RMF 24" nəşrinə istinadən xəbər verir ki, bu addım ehtimal olunan pilotsuz uçuş aparatlarının (PUA) hücumları zamanı şagirdləri və müəllimləri şüşə qırıntılarından qorumaq məqsədi daşıyır. Tədris prosesinə mane olmamaq üçün bu təhlükəsizlik tədbirləri məktəb tətilləri dövründə həyata keçirilib.
* Estoniya hava məkanına müdaxilə iddiası ilə bağlı Rusiyaya nota verdi
* Milyonluq qırıcılar əvəzinə ucuz dronlar: Avropadan yeni qərar
* Estoniya müdafiəyə rekord məbləğdə pul xərcləyəcək
İlk növbədə, sığınacaq kimi istifadə olunan məktəblərin pəncərələrinə bu örtüklər çəkilir. Rəsmilərin bildirdiyinə görə, bu təbəqə partlayış dalğası zamanı şüşənin bütöv qalmasını təmin edir və qırıntıların ətrafa dağılmasının qarşısını alır. Qoruyucu təbəqə təkcə sinif otaqlarının deyil, həm də sığınacaqlara gedən dəhlizlərin şüşələrinə də vurulur.
Tartu şəhər rəhbərliyi təhsil müəssisələrindəki işləri bu ilin sonuna qədər başa çatdırmağı planlaşdırır. Növbəti mərhələdə isə şəhərin sosial və inzibati binalarında pəncərələrin möhkəmləndirilməsi nəzərdə tutulur. Estoniyada bir çox ictimai bina eyni zamanda sığınacaq funksiyasını yerinə yetirdiyi üçün bu tədbirlərə gələn ildən etibarən başlanılacaq.
Bu tədbirlərin görülməsinə əsas səbəb ölkənin cənubundakı Tartu əyalətində baş verən son hadisələrdir. Son bir neçə ay ərzində orada dəfələrlə pilotsuz uçuş aparatları aşkarlanıb. Bundan əvvəl Estoniyanın müdafiə naziri Hanno Pevkur Tartunun yaxınlığında kamikadze dronunun məhv edildiyini təsdiqləmişdi.