Fransa hökuməti oktyabrın 24-də keçiriləcək nümayişlər zamanı asayişin qorunmasında polis və jandarm qüvvələrinə dəstək vermək üçün "Sentinel" antiterror əməliyyatında iştirak edən hərbçiləri cəlb edə bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nünez bildirib.
Nazirin sözlərinə görə, hərbçilər əsasən sabit obyektlərin mühafizəsinə cəlb ediləcəklər. Bu, polis və jandarm qüvvələrinə ictimai asayişin qorunması ilə bağlı vəzifələrini yerinə yetirmək üçün əlavə imkan yaradacaq.
Daxili işlər naziri hüquq-mühafizə orqanlarının yenidən "çox mobil xuliqan qrupları və ifrat solçu fəallarla" qarşılaşa biləcəyini vurğulayıb. Bununla əlaqədar hakimiyyət orqanları asayişin qorunması üçün zirehli transportyorların, jandarmın xüsusi təyinatlı bölmələrinin və helikopterlərin cəlb edilməsini nəzərdən keçirir.
Nazir həmçinin talançı qrupların daha operativ müəyyənləşdirilməsi məqsədilə sürətli reaksiyaya və mobilliyə daha çox önəm verən yeni doktrinanın hazırlanacağını bildirib.
"Sentinel" əməliyyatı 2015-ci ilin yanvarında, bir sıra terror aktlarından sonra ictimai əhəmiyyətli obyektlərin mühafizəsini gücləndirmək məqsədilə başladılıb. Fransa Silahlı Qüvvələr Nazirliyinin məlumatına görə, əməliyyatda 10 min hərbçi iştirak edir.
Qeyd edək ki, ötən həftəsonu Parisdə və Fransanın digər bölgələrində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Fransa Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb.
Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Fransanın ədliyyə naziri Jerald Darmanenin sözlərinə görə, oktyabrın 17-də ölkədə talançılar təxminən 3 min mağazanı qarət edib, 2 500-dən çox insan saxlanılıb.