Fransa hakimiyyəti indiyə qədər heç vaxt ötən ilki qədər kokain müsadirə etməyib. Respublikanın Daxili İşlər Nazirliyi bəyan edib ki, 2025-ci ildə 81 ton narkotik vasitə ələ keçirilib ki, bu da 2024-cü illə müqayisədə 50% çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə "France Info" məlumat yayıb.
Qeyri-qanuni dövriyyənin böyük hissəsi Vest-Hind adalarında ələ keçirilib. Martinikanın (Fransanın dənizaşırı ərazisi) inzibati mərkəzi olan Fort-de-Fransın prokuroru Yann Le Bris bildirib ki, Karib hövzəsində 42 ton kokain müsadirə edilib.
Fransanın Narkotiklər və Asılılıq Yaradan Davranışlar üzrə Monitorinq Mərkəzi (OFDT) tərəfindən dərc edilən araşdırmaya əsasən, məhz kokain 2023-cü ildə Fransa bazarında ən çox gəlir gətirən vasitə olub - bir il ərzində təxminən 3.1 milyard avro (təxminən 3.6 milyard dollar - red.).
Paradoksal olsa da, rekord həddə aşağı qiymətə baxmayaraq (bir il əvvəlki 66 avroya qarşı 2024-cü ildə qramı 58 avro) istehlak həcmi artmaqda davam edir. Halbuki istehlak edilən kokainin miqdarı kannabisdən xeyli azdır: əgər 2023-cü ildə 397.4 ton kannabis satılıbsa, kokaində bu rəqəm cəmi 47.1 ton təşkil edib.
Lakin tədqiqatın həmmüəllifi Kristian Ben Lahdarın fikrincə, kokain istehlakındakı bu artım istifadəçilərin sayının 10 il ərzində təxminən 3 dəfə artması ilə izah edilə bilər.
2024-cü ildə Fransada təxminən 197 000 nəfər narkotik istifadəsinə görə cərimələnib ki, bu da 2023-cü illə müqayisədə 21% çoxdur.