ABŞ zərbxanası "American Innovation" (Amerika innovasiyaları) silsiləsindən 2026-cı ildə buraxılacaq dollar sikkələrinin dizaynlarını təqdim edib. Sikkələrdən biri "Apple "şirkətinin həmtəsisçisi Stiv Cobsa həsr olunub.
Oxu.Az xəbər verir ki, sikkələrin dizaynı zərbxananın saytında təqdim edilib.
Əsası 2018-ci ildə qoyulmuş "American Innovation" seriyası ABŞ-də əldə olunan əhəmiyyətli nailiyyətləri qabardır. ABŞ zərbxanası hər bir dizaynın yaradılması üçün ştatlarla və ekspertlərlə əməkdaşlıq edir, lakin dizaynın son variantını maliyyə naziri seçir.
Bildirilib ki, sikkə Kaliforniya mənzərəsi fonunda gənc Stiv Cobsun təsviri ilə təqdim olunub. Sikkə Cobsun sadə və əlçatan texnologiyalar yaratmaq səylərini əks etdirir.
Qeyd olunub ki, sikkələr 2026-cı ildən etibarən zərbxananın saytında 13.25 dollara satılacaq. Bundan əlavə, dörd sikkədən ibarət dəst 27.5 dollara təqdim ediləcək.