Çində qadın ailəsindən xəbərsiz olaraq sinəböyütmə əməliyyatına gedib və xəstəxanada dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu haqda South China Morning nəşri məlumat yayıb.
Li soyadlı 32 yaşlı qadın ərinin etirazına baxmayaraq, piyindən istifadə etməklə sinə böyüdülməsi prosedurundan keçmək istəyib. Əri ipoteka və iki uşağa olan xərcləri əsas gətirərək onu bu fikrindən daşındırmağa çalışsa da, Li altı ay müddətinə 20300 yuan (5100 manat – red.) kredit götürüb.
Əməliyyat zamanı Linin ayağından piy götürülərkən onun qəfildən halı pisləşib. Narkoz altında olan qadının nəbzi düşüb, o, nəfəs almaqda çətinlik çəkib. Həkimlərin səylərinə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
Arvadının ölümündən sonra həyat yoldaşı plastik cərrahiyyə klinikasının heyəti ilə əlaqə qurmağa çalışıb, lakin buna nail ola bilməyib. Qadının dəqiq ölüm səbəbi də məlum deyil.
Yerli orqanlar əməliyyatı keçirən cərrah və iki tibb bacısının müvafiq kvalifikasiyaya malik olub-olmadıqlarını yoxlayır. Çin qanunlarına görə, həkimlər xəstənin ailə üzvünün razılığı olmadan əməliyyat keçirə bilməzlər.