Hindistanın paytaxtı Nyu-Dehlidə yerləşən hotellərin birində baş verən güclü yanğın nəticəsində azı 21 nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə ANI agentliyi yerli deputat Satiş Upadhyaya istinadən məlumat yayıb.
Məlumata görə, bədbəxt hadisə bu gün səhər saatlarında qeydə alınıb.
"Yanğınsöndürmə xidməti və xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Polis əməkdaşları və yerli sakinlər də insanların binadan təxliyə edilməsində yaxından iştirak edirlər. Hazırda 47 nəfər xilas edilib, təəssüf ki, 21 nəfərin öldüyü təsdiqlənib", - deyə deputat bildirib.
Hoteldə qalanlar arasında Banqladeş və Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasına (South Asian Association for Regional Cooperation - SAARC) daxil olan digər ölkələrin də vətəndaşları olub.
Xəbərdə qeyd olunur ki, alovun daha geniş əraziyə yayılmasının qarşısı qısa zamanda alınıb və yanğın söndürülüb.
Hazırda dəhşətli yanğının başvermə səbəbləri araşdırılır.