Hindistanda Kottarakara bölgəsində dəhşətli faciə baş verib: yük maşını aşıb və nəqliyyat vasitəsindəki torpaq avtobus gözləyən məktəblilərin üzərinə tökülüb.
Hadisə nəticəsində üç uşaq həlak olub, daha beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "New India Express" nəşri məlumat yayıb.
Yerli hökumət nümayəndələrinin sözlərinə görə, bədbəxt hadisə avtobus dayanacağında qeydə alınıb.
Polisdən verilən məlumata əsasən, yüksək sürətlə hərəkət edən yük avtomobili idarəetmədən çıxaraq yolun hərəkət hissəsindən kənara yön alıb və dayanacağına çırpılıb. Zərbənin təsirindən maşın aşıb və kuzovundakı bütün torpaq kütləsi insanların üzərinə tökülüb.
Xilasedicilər zərərçəkənləri xilas etmək üçün torpağı əlləri ilə təmizləməli olublar. Qəza baş verən zaman dayanacaqda yeddi uşaq və bir yetkin şəxs olub.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, həlak olanlardan birinin şəxsiyyəti müəyyənləşib, digər qurbanların kimliyi isə hələlik bəlli deyil.
Şahidlərin sözlərinə görə, insanlar bir anda torpaq kütləsinin altında qalıblar: bir neçəsi ölüb, sağ qalanlar isə çox ciddi xəsarətlər alıblar.
Qeyd olunur ki, beş nəfər dərhal dağıntılar altından çıxarılaraq xəstəxanaya yerləşdirilib. Həkimlər xilas edilənlərdən ikisinin vəziyyətini kritik olaraq qiymətləndirirlər, hazırda tibb işçiləri onların həyatı uğrunda mübarizə aparırlar.
Polis baş vermiş hadisənin bütün təfərrüatlarını araşdırmağa başlayıb.