Araz Azad İqtisadi Zonasının (AİZ) iqtisadi inkişaf və investisiya məsələləri üzrə direktorunun müavini İbrahim Cəlili İran-Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, o bunu Təbriz Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının Araz AİZ-lə bağlı keçirdiyi toplantı çərçivəsində səsləndirilib.
Cəlili bildirib ki, Araz AİZ-in geosiyasi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi, İranla Cənubi Qafqaz ölkələri, xüsusilə də Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişafına yeni imkanlar yaradır.
Təbriz Ticarət Palatasında Azərbaycan Ticarət Masasının katibi Məhəmməd Əli Nəccari bildirib ki, hazırda İran və Azərbaycan arasında iqtisadi mübadilələrin 60%-dən çoxu Şərqi Azərbaycandan olan iş adamlarının payına düşür. Bu göstərici region sahibkarlarının iki ölkə arasında ticarət əlaqələrində aparıcı rol oynadıqlarını nümayiş etdirir.
Toplantı iştirakçıları Araz AİZ-in Azərbaycanla əməkdaşlığının genişləndirilməsi, ticarət prosedurlarının sadələşdirilməsi və biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində təkliflərin hazırlanması barədə razılığa gəliblər.