İranın Ermənistandakı səfiri Xəlil Şirqolami ABŞ-nin Cənubi Qafqazdakı mövcudluğunun yolverilməzliyi ilə bağlı xəbərdarlıq edib və TRIPP layihəsi ilə bağlı risklərin idarə olunmasının vacibliyini vurğulayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Şirqolami İrəvanda keçirilən mətbuat konfransında bəyan edib ki, İran regionda nəqliyyat əlaqələrinin inkişafını və iqtisadi əməkdaşlığın genişləndirilməsini dəstəkləyir. Eyni zamanda ABŞ-nin TRIPP layihəsinin reallaşmasında iştirakı və bunun İranın şimal sərhədləri yaxınlığında təhlükəsizliyi üçün mümkün nəticələri Tehranda ciddi narahatlıq doğurur.
Səfirin sözlərinə görə, Ermənistan İran tərəfinə zəmanət verib ki, ABŞ-nin TRIPP çərçivəsində iştirakı Tehran üçün təhlükəsizlik təhdidi yaratmayacaq. Lakin o vurğulayıb ki, mümkün risklər yalnız siyasi zəmanətlərlə deyil, həm də konkret mexanizmlərlə tənzimlənməlidir.
Diplomat qeyd edib ki, İran ABŞ-nin öz sərhədləri yaxınlığındakı mövcudluğunu ciddi təhlükəsizlik təhdidi kimi nəzərdən keçirir və bu məsələyə aydın və praktik cavab gözləyir.
İran səfiri həmçinin bildirib ki, Tehran və İrəvan arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sənədinin hazırlanması yekun mərhələdədir. Onun sözlərinə görə, sənəd iki ölkə arasında siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.