"Xəzər dənizində Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumuna məruz qalan İran ticarət gəmisi hərbi yük daşımırdı".
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Rusiya Federasiyasındakı diplomatik nümayəndəliyinin rəhbəri Kazım Cəlali məlumat verib.
"Bu zərbə cinayət əməlidir. Gəmi sırf mülki təyinatlı olub və səsləndirilən bəzi iddialara rəğmən, orada heç bir hərbi yük daşınmayıb", - deyə səfir qeyd edib.
"Gəmiyə zərbə endirilməsi faktı barədə məlumat alan kimi Həştərxan şəhərindəki konsulluğumuz dərhal hərəkətə keçdi. Rusiyalı həmkarlarımız heyət üzvlərinin hadisə yerindən təcili təxliyə olunması üçün bizə lazımi köməklik göstərdilər. Təəssüf ki, bu insidentdə həmvətənlərimizdən biri həlak olub və biz onun ailəsinə başsağlığı veririk. Həmçinin, bir neçə iranlı yaralanıb", - deyə diplomat əlavə edib.
Xatırladaq ki, iyulun 25-də İranın Xarici İşlər Nazirliyi Xəzər dənizi akvatoriyasında Ukrayna tərəfindən İran ticarət gəmisinin vurulduğunu və insident nəticəsində bir dənizçinin həlak olduğunu bəyan etmişdi.