İran ABŞ-nin tətbiq etdiyi anti-İran sanksiyalarına region ölkələrinin qoşulacağı təqdirdə təkcə Hörmüz boğazından keçən neft tankerlərinə deyil, Fars körfəzi ölkələrindən neftin daşınması üçün istifadə olunan digər marşrutlara da zərbələr endirməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai bildirib.
"Biz bütün qonşu ölkələrə deyirik ki, ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməsinlər, əks halda Tehran onları öz düşmənləri hesab edəcək", - deyə Rzai bildirib. Onun sözlərini İranın dövlət teleradio şirkəti yayıb.
O əlavə edib ki, qonşu dövlətlər ABŞ-nin sanksiyalarına qoşularsa, Fars körfəzi və Hörmüz boğazından bir damcı belə neft çıxmayacaq.
Rzai vurğulayıb ki, bu halda İran regiondan neft ixracının digər marşrutlarını da hədəfə alacaq.
Ali Milli Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, İran müharibəni genişləndirməyə can atmır.
"Lakin İranın qonşuları iqtisadi müharibədə ABŞ-ni dəstəkləsələr, Tehran onların maraqlarına zərər vuracaq", - deyə Rzai əlavə edib.