ABŞ Prezidenti Donald Tramp İranın mülki və enerji infrastrukturuna zərbə planını təxirə sala bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı yüksəkrütbəli nümayəndəyə istinadən məlumat yayıb.
"Əgər prezident hər hansı bir razılaşmanın formalaşdığını görsə, böyük ehtimalla zərbələrdən çəkinəcək. Lakin son qərarı vermək yalnız onun səlahiyyətindədir", - deyə nəşrin mənbəsi bildirib.
Adı açıqlanmayan Pentaqon nümayəndəsi isə ABŞ rəhbərliyi tərəfindən İranla müqavilə müddətinin yenidən uzadılması imkanlarına şübhə ilə yanaşdığını ifadə edib.
"Axios"un mənbələrinin məlumatına görə, ABŞ prezidenti öz kabinetinin üzvləri ilə müqayisədə İrana qarşı daha sərt mövqe nümayiş etdirir. Bununla belə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Ağ Ev liderinin xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner hesab edirlər ki, Birləşmiş Ştatların rəhbəri imkan daxilində Tehranla razılaşma əldə etməyə cəhd göstərməlidir. Portalın mənbələri qeyd edirlər ki, Vaşinqtonun atəşkəs təklifinə Tehranın verdiyi cavab Ağ Evdə imtina kimi deyil, danışıqlar manevri kimi qəbul olunub.
Bir müddət əvvəl İran ABŞ-nin atəşkəs təklifinə dair 10 bənddən ibarət cavabını İslamabada çatdıraraq, regionda müharibənin daimi olaraq dayandırılmasının zəruriliyini vurğulayıb. IRNA agentliyinin məlumatına əsasən, İran regionda hərbi əməliyyatların dayandırılmasını, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçid protokolunun yaradılmasını və İslam Respublikasına qarşı sanksiyaların ləğv edilməsini gözləyir. Xüsusilə vurğulanır ki, Tehran qısamüddətli atəşkəs variantını rədd edib, çünki Yaxın Şərqdəki müharibənin tamamilə dayandırılması vacib hesab olunur.