İraqda siyasi xadimlərin, yüksəkvəzifəli məmurların və iş adamlarının adlarının hallandığı korrupsiya işi üzrə aparılan istintaq çərçivəsində təxminən 116 milyon dollar məbləğində vəsait müsadirə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, korrupsiya işi üzrə təqsirləndirilən şəxslərdən müsadirə olunan vəsaitin həcmi hazırda 100 milyard İraq dinarını (təxminən 76.3 milyon ABŞ dolları) ötüb. Bundan əlavə, şübhəlilərin evlərində aparılan axtarışlar zamanı daha 40 milyon dollar məbləğində nağd pul aşkar edilərək götürülüb.
Məlumata əsasən, istintaq çərçivəsində qanunsuz yollarla əldə edildiyi bildirilən onlarla avtomobil və yüzlərlə qeydiyyatsız silah da müsadirə olunub.
Bundan əvvəl "Al Hadath" telekanalı İraq hüquq-mühafizə orqanlarının korrupsiya işi ilə əlaqədar məmurların saxlanılması üçün ən azı 200 həbs orderi verdiyini xəbər vermişdi.
Xatırladaq ki, bazar günü İraq parlamentinin 47 yüksəkvəzifəli məmuru və deputatı korrupsiya ittihamı ilə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.