İspaniyanın Baş naziri Pedro Sançes sosial şəbəkələrdə memlərin qəhrəmanına çevrilib.
Oxu.Az "El Mundo"ya istinadən xəbər verir ki, buna səbəb siyasətçinin Seutada qaçqınlarla bağlı vəziyyətə dair böhran toplantısından yayılan uğursuz fotosudur.
"Pedro Sançesin ayaqları haradadır?" başlıqlı məqalədə qeyd olunur ki, fotoda baş nazir komandası ilə müzakirə apararkən diqqətlə monitora baxır. Masanın üzərində bir neçə vərəq olsa da, onun arxasında nazirin normalda görünməli olan ayaqları görünmür.
İnternet istifadəçilərinin fikirləri isə fərqli olub. Bəziləri hesab edir ki, siyasətçinin ayaqları uğursuz çəkiliş bucağı və ya onun mətbuat xidmətinin foto üzərində apardığı kompüter redaktəsi səbəbindən görünməyib.

Qeyd olunur ki, 2021-ci ildə Əfqanıstan böhranı zamanı da Sançes kostyum və çimərlik ayaqqabıları geyinmiş vəziyyətdə çəkilmişdi. Həmin vaxt da onun mətbuat xidməti fotonu redaktə etmişdi.
Hadisə ilə bağlı çoxsaylı zarafatlar yaranıb. Bəzi istifadəçilər Sançesin alt paltarında olduğunu, lakin foto redaktə edilərkən onun ayaqları ilə birlikdə silindiyini ehtimal ediblər.