"Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın Administrasiyasının Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə planının bəndlərinin əksəriyyətini qəbul edib".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer "İstəklilər koalisiyası" ölkələrinin liderləri ilə keçirilən videokonfrans zamanı bildirib.
"Fikrimcə, müsbət istiqamətdə irəliləyirik. Zelenskinin mənimlə söhbətdə bəyan etdiyi kimi mətnin böyük hissəsinin qəbul edilə biləcəyinə dair dəlillər var" , - deyə o vurğulayıb.
Həmin konfrans zamanı Fransa Prezidenti Emmanuel Makron Rusiya-Ukrayna münaqişəsinin məsələləri ilə məşğul olacaq yeni işçi qrupu yaradılacağını bildirib.
Onun sözlərinə görə, Fransa və Böyük Britaniya qrupa başçılıq edəcəklər, dəniz sahəsində açar rol oynayan Türkiyə qrupda yaxından iştirak edəcək, habelə ilk dəfə ABŞ cəlb ediləcək.
Makron vurğulayıb ki, işçi qrupunun yaradılmasında məqsəd hər bir iştirakçının töhfəsini dəqiq müəyyənləşdirmək və təhlükəsizlik zəmanətlərini yekun olaraq razılaşdırmaqdır.
Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron "İstəklilər koalisiyası"nın üzvləri ilə telefon vasitəsilə konfrans keçirirlər.
Oxu.Az bu barədə "Sky News" telekanalına istinadən xəbər verir.
Məlumata görə, iki lider koalisiya üzvləri ilə Ukrayna üzrə sülh planının hazırlanmasının gedişatını müzakirə edirlər.
Qeyd edək i, koalisiya 30-dan çox ölkəni birləşdirir, onlar sülh sazişinin əldə edilməsinə kömək etməyi öhdələrinə götürüblər.