Şahzadə Harri və həyat yoldaşı Meqan Markl gələn həftə ilk dəfə Böyük Britaniyada məktəbə gedəcək övladlarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Telegraph" nəşri cütlüyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Cütlüyü ən çox narahat edən məqam övladlarının hər gün eyni vaxtda və eyni marşrut üzrə məktəbə gedib-gəlməsidir. Mənbələrin sözlərinə görə, bu cür müntəzəmlik təhlükəsizlik baxımından müəyyən çətinliklər yarada bilər.
"Məktəbə gündəlik gediş-gəliş hər gün eyni vaxtda eyni ünvana gedib-qayıtmağın müntəzəmliyi səbəbindən müəyyən çətinliklər yaradır", - deyə materialda qeyd olunur.
Mənbələr vurğulayıblar ki, şahzadə və həyat yoldaşı yalnız paparatsilərin və beynəlxalq medianın davamlı diqqətindən deyil, həmçinin övladlarına zərər yetirə biləcək potensial təhlükələrdən də ehtiyat edirlər.
Ailə altı illik fasilədən sonra bu yaxınlarda Böyük Britaniyaya qayıdıb. Onların burada bir neçə ay, hətta illərlə qalmağı planlaşdırdıqları bildirilir.
Lakin Britaniya hakimiyyəti cütlüyə dövlət mühafizəsi təyin etməkdən imtina edib. Hazırda Harri və Meqanın, eləcə də uşaqlarının təhlükəsizliyinin polis müşayiəti ilə təmin olunduğu bildirilir.