Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Esprielyanın təhlükəsizlik xidməti siyasətçiyə qarşı ehtimal olunan sui-qəsd planı barədə məlumat əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
"Seçilmiş Prezident Abelardo de la Esprielyanın təhlükəsizlik xidmətinə səlahiyyətlərin icrası ilə bağlı keçirilən regional görüşlər zamanı onun həyatına qəsd planlaşdırıldığı barədə məlumat daxil olub", - deyə açıqlamada qeyd olunur.
Məlumata əsasən, "Milli Azadlıq Ordusu" adlı üsyançı qruplaşma və fəaliyyətini dayandırmış "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri"nin keçmiş üzvlərinin yaratdığı silahlı birləşmələr de la Esprielyanın öldürülməsi üçün üç milyard peso (təxminən 930 min dollar) mükafat təyin ediblər.
Mətbuat Xidmətinin bildirdiyinə görə, cinayətkarlar sui-qəsd məqsədilə mətbuat konfransları və ya ictimai tədbirlərdən istifadəyə cəhd göstərə bilərlər.
Bununla yanaşı, siyasətçinin ofisindən bildirilib ki, yeni seçilmiş dövlət başçısı iş qrafikini dəyişməyəcək, lakin komandası görüşlərdə mühafizə tədbirlərini artıracaq.
Bundan əvvəl yeni seçilmiş prezident ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalarla danışıqlara cavabdeh olan sülh məsələləri üzrə müvəkkil ofisini ləğv edəcəyini bəyan etmişdi.
Dövlət başçısının andiçmə mərasimi avqustun 7-də baş tutacaq.