Livan Prezidenti Jozef Aun Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə keçirdiyi görüşdə İsraillə əldə olunmuş sülh razılaşmasının icrası istiqamətində atılacaq növbəti addımları müzakirə edib və bu məsələdə razılıq əldə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Livan Prezident Administrasiyası bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Jozef Aun ABŞ-yə danışıqlar prosesində göstərdiyi dəstəyə görə təşəkkür edib və iyunun 26-da imzalanmış çərçivə sazişinin əsas məqsədinin İsraillə münaqişəyə son qoymaq olduğunu vurğulayıb.
Prezidentin sözlərinə görə, razılaşmaların icrasına İsrail qoşunlarının Livanın cənubundakı ərazilərdən çıxarılması ilə başlanılacaq. Bundan sonra həmin bölgədə Livan ordusunun nəzarəti altında ilk "pilot zona" yaradılacaq.
Bəyanatda qeyd olunur ki, Aun ABŞ dövlət katibindən Livan ordusuna və təhlükəsizlik qurumlarına dəstəyin artırılmasını, həmçinin ölkənin iqtisadiyyatına, xüsusilə energetika, telekommunikasiya və nəqliyyat sahələrinə Amerika investisiyalarının cəlb edilməsinə yardım göstərilməsini xahiş edib.
Bildirilib ki, iyulun 21-də Ağ evdə Livan Prezidenti Jozef Aun ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçiriləcək. Bu, 2009-cu ildən bəri Livan və ABŞ liderləri arasında baş tutacaq ilk sammit olacaq.
Görüşdə Livanda atəşkəs rejiminin möhkəmləndirilməsi, regional sabitliyin təmin olunması və sülh prosesinin gələcək mərhələlərinin müzakirə ediləcəyi gözlənilir.
Xatırladaq ki, iyunun 26-da Livan və İsrail ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən beş raund danışıqların yekununda çərçivə sazişi imzalayıblar. Sazişə əsasən, Livan Silahlı Qüvvələri mərhələli şəkildə ölkənin bütün ərazisi üzərində effektiv suveren nəzarəti bərpa etməli, İsrail isə işğal altında saxladığı ərazilərdən qoşunlarını çıxarmalıdır.