Londonda yerləşən "The Dorchester" hoteli 458 min funt-sterlinq məbləğində ödənilməmiş hesabla əlaqədar Qətər şeyxi Nasir bin Abdullah Al Taninin avtomobilinin satılması barədə məhkəmə qərarı əldə edib.
Oxu.Az "Financial Times" nəşrinə istinadən xəbər verir ki, Al Taniyə qarşı iddia otaq kirayəsi, nömrə üzrə digər xərclər və faizlərin ödənilməməsi səbəbindən mart ayında qaldırılıb.
Şeyx hakim ailənin nümayəndəsi olsa da, heç bir dövlət vəzifəsi tutmur. Nasir bin Abdullah Al Tani əvvəllər atasının əsas səhmdarı olduğu "Malaqa" futbol klubunun vitse-prezidenti vəzifəsində çalışıb.
Nəşrin məlumatına əsasən, Mərkəzi London Məhkəməsi "The Dorchester" hotelinin 198 min funt-sterlinqdən çox əsas borc, 3 min 260 funt-sterlinq faiz və əlavə olaraq 256 min 600 funt-sterlinqin tələb edilməsi barədə iddiasını təmin edib.
Dairə hakimi başqa bir qərarla hotelə Al Taniyə məxsus 2011-ci il istehsalı olan "Fiat 500 Abarth Tributo Ferrari" avtomobilini satmağa icazə verib. Al Tani məhkəmə iclasında iştirak etməyib. Həmçinin onun tərəfindən məhkəməyə heç bir nümayəndə göndərilməyib.
Şeyxin vəkilləri nəşrə verdikləri müsahibədə bildiriblər:
"Şeyx Al Tani lazımi qaydada məlumatlandırılmadığı üçün bu proseslər barədə yalnız bu yaxınlarda xəbər tutub. "The Dorchester" hoteli tərəfindən tələb olunan məbləğlə razılaşmırıq və Şeyx Al Tani məhkəmə qərarının ləğv edilməsi üçün müvafiq addımlar atacaq".
